22 dekabr 2025-ci il tarixində AƏSMA ilə “Bilge Method” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi Azərbaycanın 2030-cu ilədək və sonrakı dövr üçün insan kapitalının inkişafı üzrə müəyyən edilmiş vizyonuna uyğun olaraq AHİK üzvləri arasında ömürboyu öyrənmə mədəniyyətinin formalaşdırılmasına töhfə verməkdir. Əməkdaşlıq çərçivəsində iş yerlərində məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılması, eyni zamanda AHİK-in sosial təsirinin və institusional rolunun gücləndirilməsi hədəflənir.
Tədbirdə Akademiyanın təlim-tərbiyə işləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev çıxış edərək əmək bazarının dəyişən tələblərinə cavab verə biləcək kadrların hazırlanmasında SƏTƏM sahəsində bilik və bacarıqların artırılmasının vacibliyini vurğulayıb. O, bu əməkdaşlığın tələbələrin peşəkar inkişafına və təhlükəsiz iş mühitinin formalaşdırılmasına xidmət edəcəyini bildirib.
“Bilge Method” MMC-nin direktoru Adil Abdullayev çıxışında şirkətin SƏTƏM əsaslı fəaliyyət istiqamətləri və təlim proqramları barədə məlumat verib. O, memorandum çərçivəsində iki əsas prioriteti qeyd edib. Birinci prioritet IOSH, NEBOSH və ISO 45001 kimi beynəlxalq standartlara əsaslanan SƏTƏM və sertifikatlaşdırma istiqamətidir. Bu yanaşmalar əməyin təhlükəsizliyinin təmin olunmasına, risklərin azaldılmasına və insan həyatının qorunmasına xidmət edir.
İkinci prioritet bilik, bacarıq və səriştələrin ölçülə bilən inkişafının təmin edilməsidir. Bu məqsədlə Səriştələr və Kompetensiyalar Mərkəzinin yaradılması, insan kapitalının qiymətləndirilməsi və inkişafına yönəlik proqramların icrası planlaşdırılır.
Memorandum təlimlərin təşkili, kadr hazırlığı, mentorluq xidmətləri, Karyera Mərkəzinin qurulması və inkişafı, birgə layihələrin icrası, qarşılıqlı təcrübə və resurs mübadiləsi, eləcə də AƏSMA tələbələri üçün təlim proqramlarının təşkilini və ictimai əhəmiyyətli təşəbbüslərin dəstəklənməsini əhatə edir.